Əcnəbi tələbələr Ordubada ekskursiya ediblər

12 Avqust- Beynəlxalq Gənclər Günü ilə bağlı Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun birgə hazırladığı tədbirlər planına uyğun olaraq ali təhsil müəssisələrinin əcnəbi tələbələri üçün Ordubad rayonunda yerləşən muzey, tarixi abidə və turizm əhəmiyyətli məkanlara ekskursiya təşkil olunub. 12 Avqust- Beynəlxalq Gənclər Gününün qeyd olunması, muxtar respublikanın turizm potensialı, xalqımızın milli adət-ənənələri və zəngin mədəniyyət irsinin tanıdılması, tarixi gerçəkliklərin təbliği məqsədilə təşkil olunan ekskursiyada 25 nəfər tələbə iştirak edib.
 
Gənclər və İdman Nazirliyinin əməkdaşı Valeh Mahmudov və Gənclər Fondunun əməkdaşı Fatimə Yusifova ekskursiyanın keçirilmə məqsədi və önəmindən bəhs edərək bildiriblər ki, muxtar respublikanın tarixi-mədəni və turizm əhəmiyyətli məkanlarının tanıdılması, xalqımızın milli adət-ənənələrinin öyrənilməsi və gələcək nəsillərə ötürülməsi baxımından bu tipli gəzintilərin təşkili diqqətdə saxlanılır. Zəngin tarixi keçmişi, ədəbi-mədəni mühiti, özünəməxsus mətbəxi, rəngarəng təbiəti, milli-mənəvi dəyərlərini qoruyaraq bu günümüzə daşıyan Naxçıvan müasir dövrdə də öz füsunkarlığı ilə göz oxşayır.
 
Daha sonra iştirakçılar Qeysəriyyə Tarix-Diyarşünaslıq Muzeyi, Məhəmməd Tağı Sidqi, Məmməd Səid Ordubadi və Yusuf Məmmədəliyevin ev-muzeylərini ziyarət edib, eləcə də XVIII-XIX əsrlərə aid abidələrdə olublar. Gənclər gəzinti zamanı ətraflı şəkildə məlumatlandırılıb, sosial şəbəkələrdə paylaşım məqsədilə fotolar, xatirə şəkilləri çəkiblər. Sonda qonaqlar üçün çay süfrəsi təşkil olunub.